06 March 2012

Azərbaycanca: Səyyarə ilə müsahibə (interview 3)


Welcome to Aghdam! (Azerbaijany-Turkish)
Səyyarə Ağdamda doğulub, orada böyüyüb. 16 yaşında atası onu qonşu kənddə yaşayan varlı kolxoz sədrinə ərə verib. Əri onu evlənməmişdən əvvəl görməyib. Sadəcə qoçaq qız olduğunu eşidib, birinci arvadından olan 4 uşağına baxmaq üçün onunla evlənib. Səyyarə Məmmədovanın ondan bir oğlu dünyaya gəlib. Daha sonra boşanıblar.
Müsahibə alanda Səyyarə xala boşanma səbəblərdindən, müharibədən, oğlundan, indiki çətin həyatından, Qarabağdakı ermənilərlə münasibətlərindən danışdı. O deyir ki, evlənəndən bir neçə ay sonra Şuşaya xəstəxanaya getməli olduq. “İlk dəfə idi ki,  Ağdamdan kənara çıxırdım. Həyat yoldaşım məni aparırdı. Ərimin ikinci arvadı idim. Məndən əvvəl o bir dəfə evli olmuşdu, birinci həyat yoldaşı vəfat eləmişdi, 4 uşağı qalmışdı. Uşaqlara mən baxırdım. Üstəlik özüm də ilk övladıma beş aylıq  hamilə idim. Atam məni lap tez ərə vermişdi. ərə gedəndə 16 yaşım tamam olmamışdı.  Orqanizmim zəif idi. Hamiləliyi də ağır keçirirdim.”
Yoldaşıyla xəstəxanaya gələn Səyyarəni həkim müayinə edib resept yazıb. Xəsətəxanadan çıxanda yoldaşı ona deyib ki, sən burda gözlə, mən gedib şəhərdən aptekdən sənin dərmanlarını alıb gəlim.
“Mən xəstəxananın həyətində taxta oyuracağın üstündə oturdum. Günortadan sonra olduğu üçün hava getdikcə soyuyurdu. Hava yavaş-yavaş qaralmağa başladı. İş vaxtı da bitirdi. Həkimlər çıxb gedirdi. Amma yoldaşım hələ də qayıtmamışdı. Məni müayinə edən həkim xəstəxanadan çıxanda məni həyətdə görüb, niyə taxta oturacaqda oturduğumu soruşdu. Yoldaşımın resepti almağa getdiyini dedim. Artıq 3 saat keçmişdi, amma yoldaşım geri qayıtmaq bilmirdi. Xəstəxanadan sonuncu tibb bacısı artıq evinə gedirdi. Qaranlıqda mənim oturduğumu görüb mənə yaxınlaşdı. Mən hər şeyi ona danışdım. O milliyətcə erməni idi, adı Sona idi. Sona adı bizdə də var. Artıq qaranlıq idi. Göz-gözü görmürdü. Mən ömrümdə tək heç bir yerə getməmişdim. Şəhəri tanımırdım. Qorxmağa başlamışdım. Ona görə Sona ilə onun evinə getməyə razı oldum. Ancaq onlarda qalmaq istəmirdim. Baxmayaraq o dəfələrlə bildirdi ki, mən onun evinə qonaq qala bilərəm, ancaq mən israr etdim ki, Ağdama atamgilin kəndinə qayıtmaq istəyirəm. Gecə Sona və həyat yoldaşı köhnə maşınları ilə məni atamın evinə gətirdilər. Yoldaşımın evimə getmək istəmədim. Və o gündən sonra yoldaşımın evinə qayıtmadım. Sonradan bildim ki, o Şuşada hansısa “sevgilisi”nin evinə gedibmiş. Boşandıq. Oğlum da ata evimdə dünyaya gəldi.”
Səyyarə indi də həmin tibb bacısını sevgi ilə xatırlayır. Ondan danışanda üzündə həsrət, sevgi, məyusluq qarışıq hisslər yaranır. Deyir ki, indi əgər Sonanı küçədə görsə tanıyaram. “Həmin vaxt o mənə çox kömək etdi. Təsəvvür edin, 16 yaşlı, heç vaxtdan kənddən kənara çıxmayan qız tanımadığı şəhərdə xəstəxananın həyətində qaranlıqda tək qalıb. Sona həyat yoldaşı ilə məni atamın evinə gətirəndə atamla tanış olmuşdular. Bizim ailəvi münasibətimiz yarandı. Yayda onlar bizim kəndə tez-tez qonaq gəlirdilər. Ancaq müharibədən sonradan vəziyyət dəyişdi. Onlarla əlaqəmiz kəsildi.” İndi Səyyarə yaşadığı Ağdam şəhərindən qaçqın düşüb. Hazırda həmin ərazilərə ermənilər nəzarət edir. Yaşı 50-ni keçib. O inanır ki,  yenə Qarabağda ermənilərlə bərabər mehriban qonşu kimi yaşayacağıq. Deyir o günü mən görməsəm də, nəvələrim mütləq görəcək.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...