15 March 2012

Azərbaycanca:Sevinclə müsahibə (interview 4)

“Vətən uğrunda şəhid oldular, nə qədər yansaq da bir o qədər fəxr edirik, yenə də qaçqın həyatı yaşamaq zülmdür”
Ağdam / Aghdam

Müsahibim Sevinc Musayeva 1992-ci ildə Ağdam rayonunun Əliağalı kəndində anadan olub. 1993-cü ildə ailəsi ilə birlikdə qaçqın düşərək Bərdə rayonunun Soğanverdilər kəndində məskunlaşıblar. Müharibədə əmisi, bibisi oğlu və əmisi qızının həyat yoldaşı şəhid olublar: “Vətən uğrunda şəhid oldular, nə qədər yansaq da bir o qədər fəxr edirik, yenə də qaçqın həyatı yaşamaq zülmdür.” – deyir. Sevinc deyir ki, valideynləri həmişə Ağdamdakı evlərindən danışırlar, çox gözəl şəraitləri və geniş həyətləri var imiş, artıq iyirmi ildir ki, yaşadıqları kənddə isə uçuq bir məktəbin həyətində məskunlaşıblar. Evləri yol kənarında olan, çadırlarda yaşayan qaçqınlara ev verildiyini, lakin hələ məktəblərdə məskunlaşan qaçqınlar üçün evlərin tikilmədiyini deyir.
Sevincin günü səhərin açılmasına şükr etməklə başlayır.


Düşünür ki, günləri mənasız və boşu-boşuna keçir. Bir az ev işləri və uşaqlara kompüter dərsləri verməklə başını qatır. Kənddə İnternet olmadığından şəhərə getməli olur. Kitablara qarşı heç də laqeyd deyil, poeziya və dram əsərləri oxumağı sevir, məktəb kitabxanasından kitablar götürüb oxuyur. Televizora baxmağa həvəsi olmasa da, ailə haqqında müzakirələr olan verilişləri izləyir. Sevincin bir bacısı bir qardaşı var, bacısının oxumağa həvəsi yoxdur, qardaşı oxumağa çox həvəslidir və bu il universitetə daxil olmağı qarşısına məqsəd qoyub. Əkin sahələri yoxdur və beş nəfərlik ailənin yalnız bir yerdən gəliri var, atasının su idarəsindən aldığı maaşdır.


Sevinc balacalıqdan aktrisa olmaq istəyir. Orta məktəbə də elə hazırda yaşadıqları kənddə gedib və məktəbi yaxşı qiymətlərlə bitirib. Arzuladığı sahə üzrə təhsil almaq istəsə də valideynləri razı olmayıblar və onların təkidi ilə sənədlərini II qrupa təqdim etməli olub. Özü dediyi kimi “həvəssiz olduğuma görə universitetin də fərqi yox idi”. Universitetlə bağlı uğursuzluğundan sonra həyata bir az küskün olsa da, ümidini itirmir. Bu il yenə də universitetə daxil olmağa cəhd edəcək. Buna nail olmasa kompüter kurslarını bitirdiyi üçün məktəbdə işləməyi ümid edir: “Ən azından əlimdə dövlət işi olsun. Məktəb mühitini çox sevirəm, özümü burada rahat hiss edirəm, ona görə də məktəbdə işləmək istəyirəm, heç nə qismət olmasa da bu iş istərdim olsun. Amma yenə də özümü incəsənətdə sınayacam.” Yaşadığı çətin həyata baxmayaraq Sevinc üçün maaşın fərqi yoxdur, əsas odur ki, sevdiyi işdə işləsin.


Sevinc gələcəyi ilə bağlı çox pozitiv fikirdədir: “Ümidimi kəsmirəm, düşünürəm ki, hər şey yaxşı olacaq, hər şeyin yaxşı olması üçün düzgün qərarlar vermək lazımdır. İstəyirəm ki, övladlarım çox savadlı olsunlar və onlara istədikləri təhsili vermək arzusundayam.” İlk növbədə karyera, bir-iki ildən sonra isə ailə qurmağı düşünür. Ailə qurduqdan sonra harda yaşayacaqlarının və həyat yoldaşının maddi gəlirinin onun üçün əhəmiyyəti yoxdur: “Yetər ki, ruhuma yaxın bir insan olsun və dəli kimi sevim”,  deyir. Bir də səbrsizliklə Ağdamın alınmasını gözləyir...

By Zhala Najafova
jalezh@gmail.com

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...