23 March 2012

Azərbaycanca: Ramilə ilə müsahibə (interview 5)

Ramilə Quliyeva Xocalıda doğulub, orada böyüyüb, elə sevgisini də orda tapıb. Bir neçə il davam edən sevgililikdən sonda onların evliliyinə valideynləri də xeyir-dua verib. Ramilə deyir ki, həyatının ən xoşbəxt günü toy günü olub. Daha sonra Ramilənin ilk övladı  - oğlu dünyaya gəlib. “Həyat yoldaşım məndən də çox övladcanlı idi. Övladımız olduğu üçün elə sevinirdi ki.” Daha sonra Ramilə ikici dəfə hamilə qalır.  Yenə eyni həyəcan və sevinc hissi ilə ailə isti ocaqlarının yeni sakinini gözləyirlər. Ancaq...
Ramilə qızı ilə..

1992-ci ilin qışında Ramilə hamilə ikən Xocalı müharibəsi başlayır. Onlar da hamı kimi qorxu ilə şəhəri tərk edirlər. Yolda oğlunu şal ilə belinə bağlayan Ramilə güllə atəşinə tuş gəlir. Güllə belindəki uşağa dəymişdi. Və onun öz bədəninə də güllə dəymişdi. Körpə oğlunun, belində öldüyünü hiss edən Ramilənin yaralandığını görən həyat yoldaşı vuruşmaq üçün geriyə qayıdır. Yaralı Ramilə həyat yoldaşının öldürüldüyünü eşidir. “Bir qadın üçün bundan böyük faciə olmaz. Evindən qovuldum. Yeni sevdiyim yoldaşımı, körpə balamı itirdim, üstəlik özüm də yaralanmışdım. İndi də bədənimdə qəlpələr qalıb. ”

Ramilə müharibədən sağ çıxa bilir. Azərbaycanın kiçik kurort şəhəri olan Naftalana yerləşirlər. Bir neçə ay sonra həyat yoldaşının yeganə yadigarı qızı  Zərifə dünyaya gəlir. Ramilə deyir ki, böyük əziyyətlə qızını böyüdüb.  Zərifə orta məktəbi Naftalanda başa vurub. Daha sonra Bakıda universitetə qəbul olub. Buna görə Bakıya gələn qızını tək qoymayan Ramilə də qızı ilə Bakıya gəlib. İndi onlar Bakıda birotaqlı kiçik bir evdə yaşayırlar.
Bədənində qalan qəlpələr onun səhhəti üçün ciddi problemdir. Vaxtaşırı müalicə alır. Onun sözlərinə görə yaşamağa tək səbəbi qızıdır. Ümid edir ki, Zərifə mütləq Xocalını görəcək, orda yaşayacaq. 
By Shahnaz Hasanova
hasanova.sh@gmail.com

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...